SƏN YER ADAMI DEYİLSƏN
Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.
Bu necə bir gözəllikdi? –
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.
Baxırsan həyat dolusu,
Qadınsan – adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.
Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!
Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.
Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.
Düşür qarmağa
Ölümün gözləri gülür, –
Cavanlar düşür qarmağa.
Yağlılar eyş-işrətində,
Yavanlar düşür qarmağa…
Önümüzə hər tip çıxır,
Xeyir çıxır, şər tip çıxır.
Bicəngələr çərtib çıxır,
"Avam"lar düşür qarmağa.
Bir gün ağı, bir gün layla,
Üzümüz gülməyir ayla,
Kim desə ki, bu dünyayla
Davam var, düşür qarmağa.